BAKI, 9 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı memorandum Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi istiqamətində mühüm addımdır və biz bu təşəbbüsü alqışlayırıq.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran sosial media hesabında bildirib.
Türkiyə rəsmisi bildirib: “Türkiyə-Azərbaycan həmrəyliyinin ən konkret təzahürü olan İkinci Qarabağ Müharibəsindən sonra sülh üçün açılan fürsət pəncərəsi prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi regional diplomatiya sayəsində Azərbaycanla Ermənistan arasında dialoqu gücləndirdi və bu məqama çatmasında mühüm rol oynadı. Ermənistan sülh və diplomatiyanın müharibə və gərginlikdən daha faydalı olduğunu etiraf edib və sülhün tərəfini tutub”.
B.Duran qeyd edib ki, Türkiyə keçmişdə olduğu kimi bundan sonra da regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün diplomatik təşəbbüslərə, tərəflərlə sıx əlaqələrə dəstək verəcək.