BAKI, 22 iyul. TELEQRAF
ABŞ-ın yenidən UNESCO-dan çıxmaq qərarına baxmayaraq, Fransa təşkilata dəstəyi davam etdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədəki paylaşımında bildirib.
“UNESCO-ya davamlı dəstəyimiz ABŞ-ın təşkilatdan çıxması ilə zəifləməyəcək. Elm, təhsil, mədəniyyət və dünya irsinin müdafiəsi naminə bu mübarizəyə sadiq qalırıq”, - Makron qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün UNESCO-dan çıxmaq qərarını açıqlayıb. Bu, Vaşinqtonun təşkilatdan ilk ayrılması deyil. ABŞ 1984-cü ildə Ronald Reyqan dövründə də təşkilatdan çıxmış, 2003-cü ildə qayıtmışdı. 2018-ci ildə Trampın prezidentliyi dövründə ABŞ bir daha təşkilatdan çıxmış və yalnız 2023-cü ildə geri dönmüşdü.