BAKI, 2 iyul. TELEQRAF
"Azərbaycan qədim və zəngin tarixə malik olaraq, əsrlər boyu burada unikal memarlıq abidələri inşası olunub. Azərbaycan Respublikasının rəhbərliyi mədəni irsimizə göstərdiyi qayğı və diqqət əsasında Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna əsaslanaraq Azərbaycan ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş tarix-memarlıq abidələrinin bərpa, təmir-bərpa, konservasiya, rekonstruksiya sahəsində böyük və uğurlu işlər aparır".
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Memarlar İttifaqının üzvü, hazırda ABŞ-da yaşayan memar Zaur Qurbanəliyev Azərbaycanın zəngin memerlıq irsindən bəhs edərkən deyib.
O qeyd edib ki, Bakıda işlədiyi dövrdə bir çox uğurlu layihələr həyata keçirib: “Hazırda ABŞ-nin Nyu-York şəhərində yaşayıram və Robert Skarano rəhbərlik etdiyi memarlıq şirkətində çalışıram. Universitet biliklərim, sonrakı iş təcrübəm mənə qısa müddətə yeni standartlara uyğunlaşmağa və karyera qurmağa imkanı verib. Son beş il ərzində müəllifi olduğum uğurlu bir sıra layihələr həyata keçirilib. Bunlardan fərdi və çoxmərtəbəli yaşayış evləri, çox funksional "ist-river" panoramalı restoran, yaşayış binalarının rekonstruksiyası, tarixi binaların fasadlarının bərpasını nümunə göstərmək olar”.

Memar Bakıda bəzi tarixi abidələrdə restavrasiya işlərinin aparılmasına ehtiyac olduğunu da söyləyib: “Bəzi abidələrin üzərində təmir-bərpa işlərinin aparılmasına ehtiyac var. Çünki qabaqlayıcı təmir-bərpa işləri görülməsə, həmin abidələr dağılaraq, geri dönməz hala düşə bilər. Belə abidələrimizdən biri də Xlll əsrin memarı Zeynəddin ibn Abu Rəşid Şirvaninin layihəsi əsasında Bakı buxtasında inşa olunmuş dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Bayıl qəsri” abidəsidir. Abidənin bərpası peşəkar dairələrdə coxdan müzakirə olunan mövzudur. Sözsüz ki, Bakıda yaşayan və çalışan həmfikir memar dostlarımız olan Fərid Akmeyev, Nani Jgenti və Ramil Akmeyev ilə birlikdə “Bayıl qəsri” abidəsinin bərpasına dair konsept-layihə hazırlanıb”.
Zaur Qurbanəliyev tarix və memarlığın bir-biri ilə sıx əlaqəli olduğuna da toxunub: “Bütpərəstlik, xaçpərəstlik və islam dövrü memarlıq abidələri Odlar Yurdunda, Abşeronda öz əksini tapıb. Bakıdakı “Səbail qəsri” buna sübutdur. Abşeronda təbii qaz yataqlarının mövcud olması erkən dövrlərdə Zərdüştlüyün və atəşpərəstliyin yaranmasına səbəb olub. Ümumdünya irsi siyahısına salınan Suraxanı rayonunda yerləşən “Ataşgah məbədi” tarix-memarlıq abidəsi bu dövrün tarixi nümunəsidir. Son illərdə Xəzər dənizin səviyyəsi kəskin aşağı düşməsi nəticəsində “Səbail qəsri” abidəsinin bünövrə qalıqları aydın görünür. Görkəmli memar Davud Axundov öz elmi əsərlərində “Səbail qəsri” nin erkən zərdüştliyi dövründə yaranması güman edir”.
.jpg)
“Memarlıq layihəsinin əsas ideyası obyektin yaradılmasında qaloqrafik filmlərdən istifadə olunması ilə bağlıdır. Filmlər abidənin yaranması, inkişafı, dağılması və bərpası dövrləri və funksionallığının dəyişməsini əks etdirir. Layihəyə əsasən, obyektin həyat fəaliyyətini təmin etmək üçün əlavə turklaster infrastrukturunun yaradılması tələb olunur. Abidə ətrafında 12 metr enində çoxfunksional bənd və abidənin şəffaf günbəz ilə örtülməsi nəzərdə tutulur. Bənd və abidə arasında olan ərazi qurudularaq arxeoloji tədqiqat işlərinin aparılmasına imkan verəcəkdir. Abidənin bütün dövrlərinə aid qaloqrafik filmlərin numayiş olunması nəzərdə tutulur. Turklaster öz tərkibində Bakı buxtasının bir neçə obyektləri, adaların birləşdirilməsini nəzərdə tutur. Bu məqsədlə cəlb edilən investisiyalar obyektin yaranmasına və sonrakı istismarına tələb olunur. Beləliklə, paytaxtımızın sakinləri və qonaqları abidəni ziyarət etmək üçün dəniz sərnişin gəmilərindən istifadə edə bilərlər və yaxud alternativ varian kimi, abidənin sahildən çox aralı olmadığını nəzərə alaraq, svay üzərində estakadalı təhlükəsiz piyada keçidi kimi bir infrastrukturun qurulması məqbul ola bilər. Dünya əhəmiyyətli “Bayil qəsri” abidəsi bərpa olunarsa, “İçərişəhər” və Qız qalası” kimi Bakının yeni bir rəmzinə və Bakı buxtasının mirvarisinə çevrilə bilər. Sözsüz ki, Azərbaycan ərazisində yerləşən, əsasən işğaldan azad edilmiş ərazilərin, tarix və mədəniyyət abidələrinin bərpası sahəsində memarların görəcəyi işlər çoxdur”, - deyə o əlavə edib.

Qeyd edək ki, memar Zaur Qurbanəliyev 1982-ci il mayın 25-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Azərbaycan Respublikası Memarlar İttifaqının Üzvlüyə qəbul komissiyasının üzvü (2012-2019), Memarlar İttifaqının gənclərlə iş üzrə komisiyasının sədri (2012-2019), Azərbaycan Respublikası, Gənclər və Turizm Nazirliyi tərəfindən memarlıqda fəal iştiraka görə Fəxri diplom, Azərbaycan Memarlar İttifaqı tərəfindən Memarlar İttifaqının Beynəlxalq Assasiyasının bir sıra mükafatları, Azərbaycan Respublikasının “Tərəqqi medalı” ilə təltif ounub.