BAKI, 16 iyun. TELEQRAF
"2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələsini müəyyən edən, eyni zamanda regionun gələcək geosiyasi və geoiqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi strateji sənəddir. Milli Qurtuluş Günündə imzalanan sözügedən Bəyannamə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək zirvəyə yüksəldiyinin təcəssümüdür".
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı bildirib.
Şuşa Bəyannaməsinin təməlində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” siyasi fəlsəfəsi dayanır. Məhz bu strateji baxış Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək iki dövlət arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Dövlət başçımız Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionda söz sahibi olan, milli maraqlarını qətiyyətlə müdafiə edən və etibarlı tərəfdaş kimi qəbul edilən güclü dövlətə çevrilib.
Şuşa Bəyannaməsinin azad edilmiş Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Adıçəkilən sənəd Vətən müharibəsində qazanılmış tarixi Zəfərin siyasi nəticələrindən biri olmaqla yanaşı, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə yaranmış yeni regional reallıqların beynəlxalq səviyyədə təsdiqidir. Şuşada imzalanan Bəyannamə dünyaya Azərbaycanın qalib dövlət olduğunu və regionda yeni əməkdaşlıq formatlarının formalaşdığını nümayiş etdirdi.
Bəyannamə siyasət, təhlükəsizlik, müdafiə sənayesi, enerji, nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, informasiya və digər strateji sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Xüsusilə müdafiə və təhlükəsizlik sahəsində əksini tapan müddəalar Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu göstərir. Günümüzdə Azərbaycan və Türkiyə regional təhlükəsizliyin və sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Şuşa Bəyannaməsində əksini tapan Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji və nəqliyyat layihələri təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına yeni imkanlar yaradır. Bu layihələr ölkələrimizin iqtisadi qüdrətini artırır, Avropa ilə Asiya arasında strateji əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərində Türkiyə ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlıq Şuşa Bəyannaməsinin praktik nəticələrinin bariz nümunəsidir. Ölkə başçımız Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı, yeni şəhər və kəndlərin salınması, müasir infrastruktur layihələrinin icrası Azərbaycan-Türkiyə birliyinin real nəticələrini ortaya qoyur.
Şuşa Bəyannaməsi eyni zamanda bütün Türk dünyasının həmrəyliyinə xidmət edən mühüm sənəddir. Dövlət rəhbərimizin təşəbbüsləri və qətiyyətli siyasəti nəticəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yeni mərhələyə yüksəlib, Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyası daha da sürətlənib.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsini təşkil edən tarixi sənəddir, regionda sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm strateji platformadır.
Möhtərəm Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da güclənəcək, xalqlarımızın rifahına və bölgənin sabitliyinə mühüm töhfələr verəcəkdir".