BAKI, 16 iyun. TELEQRAF

Bu gün Azərbaycanda Məhərrəm ayı başlayır.

Teleqraf xəbər verir ki, Hicri-qəməri təqvimi ilə 1447-ci il başa çatır, yeni 1448-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i , Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edir.

Bu il Aşura günü 25 iyun tarixinə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının yaydığı fətvada qeyd olunub ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq dinimizə görə qəbuledilməzdir.

Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir.

Qeyd edək ki, bu ay müsəlman aləminin matəm ayı, Məhəmməd Peyğəmbərin (s) nəvəsi Həzrət Hüseynin (ə) tərəfdarları ilə birlikdə Kərbəlada şəhid edilməsinin yad edildiyi təqvimdir.