BAKI. 28 may. TELEQRAF

"Zamanında dövlətin içində yuva salmış, onun təbliğat maşınına sahiblənmiş, onu şəxsi maraqlar naminə Hebbelssayagı yalan mexanizminə çevirmiş çətənin sifarişi olan cizma-qaraları əlinə alıb mənə şər böhtan atmaq təkfirçi zehniyyətin həmişəki adətidir, əslində tək arqumentidir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib.

O vurğulayıb ki, Azərbaycan-Türkiyə qardaşlığı üçün, Türk birliyi naminə gördüyü işlərin misqalını etməyənlər İstanbulu ilk dəfə İslam dünyasının gənclik paytaxtı elan etmiş şəxsə qarşı iftiralarını qardaş ölkə adıyla kamuflyaj edirlər:

"Üstəlik bu donosçu iftiranı sifariş edənlər (mərdlikləri ancaq anonim profillərdən hürməyə çatır) bölüşdüyüm məqalənin dərin arqumentlərinə qarşı söz tapmadan, onun tamamilə pan-iranist və məzhəbçi yanaşmaya qarşı yazıldığını görməyəcək qədər qərəzlidirlər. Bunun digər səbəbi də istər təkfirçi, istər İran meyilli məzhəbçi düşüncənin azərbaycançılığı qəbul etməməsi ilə bağlıdır. “Əsrimizin Siyavuşu”nun (həm Turan, həm İranla bağlı olsa da) nə İran, nə Turan olmamasını - hələ üstəlik fars məcusilərinin konseptləşdirdiyi Əməvi-Abbasi gələnəyini rədd etməsi ilə barışmamaqlarıdır".

E.İskəndərov azərbaycançılığın mənəvi köklərini anlamaq istəyənləri yazıçı, publisist Fəxri Uğurlunun məqaləsini oxumağa çağırıb: "Donosu vəzifəsi dövlət nümayəndələrinə iftira, böhtanla mübarizə aparmaq olan Azərbycanın dövlət qurumlarına yönləndirərək onları görəvlərini yerinə yetirməyə dəvət edirəm".

Xatırladaq ki, Elşad İskəndərov 2012-ci il may ayından 2014-cü il may ayınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.