BAKI, 27 may. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri zəngin təəsüratlarla yadda qaldı. Azərbaycan-Macarıstan münasibətləri son 20 ildə özünün mühüm inkişaf mərhələsinə yüksəlib. Qarşılıqlı yüksək səviyyəli səfərlər əlaqələrin uğurla inkişaf etdiyinin bariz nümunəsidir.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata verdiyi birgə bəyanatlarda da ölkələrimiz arasındakı tarixi bağlardan bəhs olunub: “Hər iki ölkənin birgə atdığı addımların, ümumi maraqlara xidmət etdiyi vuğulanıb. Ölkəmizin başçısı Azərbaycanın II Qarabağ müharibəsi nəticəsində BMT-nin Nizamnaməsinə uyğun olaraq özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb. 44 gün ərzində Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini bərpa edib. Eyni zamanda bu gün Azərbaycan sülh təşəbbüskarı olduğu da bir daha bəyan edilib. Ermənistan tərəfi isə hələ də sülh müstəvisində siyasi iradə nümayiş etdirmir. Fundamental sülh üçün isə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Rəsmi Bakının bu mövqeyi beynəlxalq hüquqa əsaslanır. Rəsmi İrəvan isə hələ də bu prosesi uzatmaqla gözləmə mövqeyi tutmaqla məşğuldur. Birgə mətbuat konfarnsında həmçinin Azərbaycanla Macarıstan arasındakı energetika sahəsində uğurlu əməkdaşlığın əhəmiyyəti bir da qeyd olunub. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları ilə yanaşı növbəti ildə bu istiqamətində kontraktın imzalanacağı nəzərdə tutulur. Beləliklə, Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Bu uğurlu enerji əməkdaşlığın nəticəsi olaraq ötən ildən etibarən Macarıstana təbii qazın ixracına başlanılıb. Bununla belə ölkəmizin başçısının da qeyd etdiyi kimi Azərbaycan Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilər. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edirik ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Həmçinin ənənəvi enerji resursları ilə yanaşı Azərbaycanla Macarıstan arasında yaşıl enerji üzrə fəal işlər həyata keçirilir”.

Deputat Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən Prezident İlham Əliyevin çıxışında toxunduğu məqamların əhəmiyyətindən bəhs edib: “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin tarixi önəmi vurğulanıb. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşün Budapeştdə təşkili olduqca önəmlidir. Həmçinin bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla vurğulanıb. Ümumilikdə Azərbaycan təşkilata üzv ölkələrə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması da üzv ölkələr üçün mühüm imkanlar açacaq. Budapeşt Zirvə görüşünün nəticəsi olaraq imzalanan 71 bəndlik Bəyannamənin tarixi önəmi böyükdür. Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan 71 bəndlik Bəyannamədə türk xalqlarının tarix boyu dünya sivilizasiyasına vermiş olduğu vacib töhfələr əksini tapıb. Bəyannamədə TDT-nin institusional əsasını qoyan Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyi bir daha qeyd olunub. Türk Dünyası Xartiyası”nın imzalanması, TDT-nin İşçi Qrupunun yaradılması, “Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğurları, Türk İnvestisiya Fondu, Bakı İqlim Birliyi Paktı və COP29 Sədrliyi çərçivəsində Azərbaycanın həyata keçirdiyi təşəbbüslər Zirvə toplantısında yüksək qiymətləndirilib. Bunun davamı olaraq Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Sazişin qüvvəyə minməsi, Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə yardım etmək məqsədi daşıyan mədəni və humanitar əlaqələrin gücləndirilməsinin vacibliyi bir daha bəyan edilib”.

Eldar Quliyev mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək onun Təşkilat çərçivəsində qeyd olunması haqqında qərarın da tarixi əhəmiyyətə malik olduğunu söyləyib: “Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndirilib. Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfransın keçirilməsinin tarixi əhəmiyyəti də Zirvə toplantısında bir daha gündəmə gətirilib. COP29-da 70 dövlət və hökumət başçısının iştirakı ilə Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa nail oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Məhz bu uğurlar tarixə “Bakı sıçrayışı” kimi daxil oldu. Eyni zamanda COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması da qarşıda duran vəzifələrin birgə icrasına yönəlmiş mühüm addım kimi tarixə düşmüş oldu”.