
BAKI, 21 may. TELEQRAF
Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.
Bu sözləri Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkənin əlaqələrindən bəhs edilib: “Ölkəmizin başçısı qeyd edib ki, “Biz dost ölkələrik, strateji tərəfdaşıq”. Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən olan Macarıstan Respublikası ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək 44 günlük Vətən müharibəsi dövründə də, indi də davam edir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müharibəni 44 günə bitirib və bu müharibə beynəlxalq hüquq çərçivəsində aparılıb: “Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur”.
Siyavuş Novruzov iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq niyyətində olduğunu bildirib: “Azərbaycan zəngin resurslara malik olan ölkədir. Azərbaycan Avropanın mavi yanacağa artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Bəyanatda dövlət başçısı qeyd edib: “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür”.
Komitə sədri Azərbaycan və Macarıstan arasında əməkdaşlığın yalnız iqtisadi əlaqələrlə məhdudlaşmadığını söyləyib: “İki ölkə arasında humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsi məmnunluq doğurur. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hər il azərbaycanlı və macar tələbələrə təhsil təqaüdləri ayrılır. Bu, həm də iki ölkə arasında dostluq əlaqələrinin, qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunun daha da möhkəmlənməsinə səbəb olur.
Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. COP29 kimi qlobal tədbirlərdə birgə iştirak, enerji, nəqliyyat, mədəniyyət, müdafiə və hüquq sahələrində əməkdaşlıq yeni geosiyasi modelin konturlarını cızır.
Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq, Azərbaycan-Macarıstan əlaqələrində yeni mərhələ olacaq”.