BAKI, 17 may. TELEQRAF

"Müsəlman ölkələri Avrasiyada vahid enerji kəməri yarada bilər".

Teleqraf xəbər verir ki, bunu Türkmənistan Parlamenti Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov "Rusiya - İslam Dünyası: KazanForum” forumunun plenar iclasında səsləndirib.

Q. Berdiməhəmmədov müsəlman ölkələrinin Avrasiyada vahid enerji, nəqliyyat və texnoloji kəmər formalaşdırmaq imkanına malik olduğunu bildirib.

O qeyd edib ki, Türkmənistan beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində enerji, nəqliyyat, logistika və texnologiya sahələrinə üstünlük verir.

“Bu kontekstdə hesab edirəm ki, müsəlman ölkələri Avrasiyanın vahid enerji, nəqliyyat və texnoloji kəmərini formalaşdırmağa çağırılır”, – deyə o, vurğulayıb.

Berdiməhəmmədovun fikrincə, belə bir kəmər Asiya-Sakit okean regionunu Yaxın Şərq və Avropa ilə birləşdirə bilər ki, bu da enerji resursları, mallar və xidmətlərin çatdırılması üçün ən qısa və effektiv yolları təmin edəcək. Həmçinin iri sənaye və xammal mərkəzlərini bir araya gətirmək imkanı yaradacaq.