
BAKI, 15 aprel. TELEQRAF
"Azərbaycanla Ermənistan arasında şərti sərhəddə baş verən təxribatlarla bağlı rəsmi İrəvanın mövqeyi birmənalı deyil. Baş nazir Nikol Paşinyan Ermənistan ordusuna atəş açmamaqla bağlı tapşırıq verdiyini söyləyir, parlamentin spikeri Alen Simonyan atəşin havaya açıldığını bildirib. Müdafiə nazirliyi isə ümumiyyətlə təxribatları inkar edir. Bunların fonunda hər gün silah səsləri eşidilir".
Teleqraf-a açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu bu cür yanaşmaların qeyri-ciddi olduğunu deyib.
Deputat hesab edir ki, bu Ermənistanın sərhəd toxunulmazlığı və sülh məsələsinə baxışını göstərir: “Dünya ölkələri arasında hava, quru və su sərhədləri var. Bu halda atəşin haraya açılmasının fərqi yoxdur. Nəticədə sərhəd anlayışı dəyişmir. Əslində, onlar təxribatı etirafı edirlər. Demək ki, Ermənistanda bütün təbəqlərin təxribatdan xəbəri var və bunu düşünülmüş şəkildə edirlər”.
Hikmət Babaoğlu Azərbaycan Prezidentinin ADA Universitetindəki çıxışında Ermənistanın sülhə yanaşmasını aydın şəkildə izah etdiyini bildirib: “Prezident vurğulanıb ki, Ermənistanda aktiv və passiv revanşistlər var. Yəni üçüncü, sülh istəyən təbəqə yoxdur. Simonyanın açıqlaması da Ermənistanda sülh yox, müharibə istəyinin olduğunu göstərir. Əgər Ermənistan tərəfi müharibədə çox israrlı olsa, Azərbaycan bundan imtina etməyəcək”.
Politoloq Oqtay Qasımov da erməni tərəfinin əvvəllər təxribatları inkar etdiyini söyləyib.
Politoloq erməni tərəfinin təxribatları havaya açılan atəş kimi dəyərləndirməsinin məntiqdən uzaq olduğunu bildirib: “Atəş açılırsa, bu təxribatdır və məqsəd təhdid, psixoloji təzyiq yaratmaqdır. Dronlarla şərti sərhəddə, Azərbaycan Ordusunun mövqelərinə uçuşlar həyata keçirilir ki, müxtəlif məlumatlar əldə etsinlər”.
Oqtay Qasımov hesab edir ki, Ermənistan Azərbaycanla ötən ay sülh mətni üzərində razılaşmanın əldə olunmasını bəhanə edərək onun tezliklə imzalanmasını istəyir: “Məqsəd Azərbaycanın irəli sürdüyü iki tələbi qulaq ardına vurmaqdır. Təxribatlarla diqqəti yenidən bölgəyə yönəltməyə çalışırlar. Azərbaycana təzyiq edərək, sülh sənədini istədikləri formada imzalamaq niyyətləri var. Amma Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı olsa sərhəddə atəş səsləri eşidilməz”.