BAKI, 14 aprel. TELEQRAF

Ədalət Partiyasının Siyasi Şurasının son iclasında partiyanın IX qurultayının keçirilməsi ilə bağlı prosedurlara start verilib.

Bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, toplantıda partiya nizamnaməsinin tələblərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, qurultayın vaxtını təyin etmək və müvafiq məsələləri müzakirə etmək üçün aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub: “Siyasi Şuranın iclasında partiyanın mərhum sədri İlyas İsmayılovun siyasi irsinin davam etdiriləcəyi açıqlandı”.

Sədr müavini bildirib ki, hazırda Siyasi Şuranın 11 üzvü var: “İlyas bəy rəhmətə getdikdən sonra partiyadan istefa verənlər də oldu. Onlar sadəcə partiya üzvü kimi qalırlar. Siyasi Şuranın sonuncu iclasında 7 nəfər iştirak edib və qurultay məsələsi müzakirə olunub. Əsas fikir o idi ki, partiyanın qurultayının keçirilməsi nizamnamə pozuntusuna yol açır və bu “Siyasi partiyalar haqqında” Qanunun pozulması deməkdir. Sözsüz ki, qurultayın əleyhinə olanlar var. Amma böyük çoxluq qurultayın tərəfdarıdır. Məhz bu prosedurun tərkib hissəsi kimi aprelin 19-da Ədalət Partiyasının onlayn formatda iclası keçiriləcək. Qurultayın keçirilməsi ilə ali məclisin iclası arasında vaxt çox az olduğuna görə belə bir qərar verilib. Hər rayon təşkilatından ali məclisin iclasına bir nəfər qatılacaq və qurultayla bağlı məsələ müzakirə ediləcək və onun keçirilmə tarixi müəyyən ediləcək. Daha sonra təşkilat komitəsi yaradılacaq”.

Mütəllim Rəhimli özünün namizədliyi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Partiya yarandığı ilk gündən burada olduğuma görə əksəriyyət İlyas bəydən sonra mənim partiyaya sədr olmağın üçün qurultayda namizədliyimi irəli sürməyimi təkid edir. Mənim də bu rəyi mütləq nəzərə almağım lazımdır. Partiyanın qurultayında namizədliyimi irəli sürməyimlə bağlı qərar vermişəm və platformam hazırdır. Eyni zamanda sədrliyə iddialı digər şəxslər də var. İlyas bəyin vəsiyyəti o idi ki, Ədalət Partiyasının yaranmasında xidmətləri olmuş üç nəfər ondan sonra təşkilata sədrlik edə bilər. O dünyasını dəyişmiş oğlu Etimad İsmayılovu, Elxan Şükürlü və mənim adımı qeyd edirdi. Təbii ki, bunun da qurultayla mümkünlüyünü vurğulayırdı”.

Qeyd edək ki, İlyas İsmayılov fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. O 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.