
BAKI, 13 mart. TELEQRAF
Vəkillər Kollegiyasının sabiq üzvü Adəm Məmmədov barəsində çıxarılan hökmdən narazıdır.
Teleqraf xəbər verir ki, A.Məmmədov Nərimanov Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Onunla birgə islah işləri cəzasına məhkum edilmiş qardaşı Xəyyam Məmmədov da cəza ilə razılaşmır.
Təhqir və böhtan cinayətlərində təqsirli bilinən qardaşların ikisi də bəraət istəyir.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Ceyhun Yusifovun həmkarı Adəm Məmmədov və onun qardaşı Xəyyam Məmmədova qarşı xüsusi ittiham qaydasında təqsirli biliniblər. Şikayəti əsasında Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib və 6 ay müddətə azadlıqdan məhrum edilib.
Onun qardaşı Xəyyam Məmmədov da eyni əməllərlə təqsirli bilinib və ona 6 ay müddətə islah işləri cəzası verilib.
Xatırladaq ki, Adəm Məmmədovun təsisçi və qardaşının baş redaktor olduğu saytda Ceyhun Yusifovun haqqında yalan məlumatlar yerləşdirilib.
Qeyd edək ki, vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə cəzalandırılmaları tələb olunub.
Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında digər cəzalarla yanaş, üç ilədək müddətə azadlıqdan məhrum etmə, 148-ci maddəsinin sanksiyasında isə digər cəzalarla yanaşı, altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə görə, yalnız barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda vəkilin vəkillik fəaliyyətinə xitam verilir.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27.01.2025-ci il tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılmışdı.