![](https://teleqraf.az/storage/2025/02/12/715x378/313b1a699fc26e9c84ca5ba63652e6dd_7904864.jpg)
BAKI, 12 fevral. TELEQRAF
"Hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk.
"Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir", - Prezident İlham Əliyev əlavə edib.