BAKI, 12 fevral. TELEQRAF
Son illərdə Moskva dəfələrlə kommunikasiyaların açılması və digər məsələlərin həlli ilə bağlı tərəflərə öz xidmətlərini təklif edib, amma Bakı və İrəvan ikitərəfli formata üstünlük verib.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.
“Son zamanlar Qərb (Ermənistan üzərindən) Cənubi Qafqazdakı proseslərə fəal təsir göstərir. Xüsusən də Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədindən çıxarılması ilə yanaşı, məlumata görə, artıq mövcud olan Avropa İttifaqı müşahidəçilərindən əlavə, ABŞ-nin monitorinq missiyasının da yerləşdirilməsi haqqında danışılır. Bu, Moskvanı narahat etməyə bilməz”, - ekspert vurğulayıb.
Areşev qeyd edib ki, Rusiya açıq şəkildə bəyan eləməsə də, ikitərəfli formatda bu narahatlığını Ermənistana çatdırır:
“Əslində, bunlar o qədər də asan olmayan bir vəziyyətdə Ermənistan üçün süni xarici siyasət manevrlərinə ehtiyac deməkdir. Məncə, Paşinyanın ABŞ-yə səfəri məhz bu məqsədə xidmət edirdi. İrəvan Tramp administrasiyası ilə təmas qurmağa çalışır, amma Ermənistan üçün təlatümlü dövr davam edəcək”.
Analitikin sözlərinə görə, İrəvanın bəyanatları sübut edir ki, Moskvanın Bakı ilə dialoqla bağlı irəli sürdüyü təkliflər onun üçün maraqlı deyil.
“Ermənistan Avropa gündəmininin müzakirəsini davam etdirir, amma Moskva xatırladır ki, eyni vaxtda iki rəqabət aparan təşkilata – Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyinə qoşulmaq mümkün deyil”, - Areşev əlavə edib.