BAKI, 10 fevral. TELEQRAF

Moskva Azərbaycan və Rusiya arasında müttəfiqlik haqqında bəyannaməni pozdu.

Teleqraf xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Moskva bəyannaməsini Rusiyanın özü pozdu. Zənnimcə, Rusiya Azərbaycanın Türkiyə ilə regionda qurduğu konfiqurasiyanı hədəfə alıb. Üstəgəl, Azərbaycan-Ermənistan sülh danışıqları və Zəngəzur dəhlizinin açılması yönündəki müsbət proseslər Kremli ciddi şəkildə narahat edir. Bütün bu hiddət əbəs deyil, çünki baş verənlər Kremlin istəkləri xaricində cərəyan edir. Rusiya hakimiyyəti müxtəlif istiqamətlərdə Azərbaycanı hədəfə almaqla, regiondakı yeni nizamı öz lehinə dəyişdirə bilməyəcək”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Cənubi Qafqazdakı yeni reallıqdan hiddətlənən Moskva bunu dəyişdirmək yolunda ciddi və strateji səhvlərə yol verir:

“Paralel olaraq, Rusiya Azərbaycan-Ermənistan danışıqlarından tam kənarlaşdırılıb. Bölgədə gedişat Moskva üçün gözlənilməz bir yerə gəlib çatıb. Bakı-İrəvan prosesinə müdaxilə imkanlarını itirməsi bir yana, Ermənistan Rusiyanın əlindən çıxır. İrəvan addım-addım KTMT və Avrasiya İqtisadi Birliyindən uzaqlaşır. Kremlin xəbərdarlıq və çağırışlarına baxmayaraq, Ermənistan KTMT-yə qayıtmaq niyyətində deyil.

Bölgədə mövqelərini itirən Rusiya daha bir ciddi itki ilə üz-üzədir. Hesab edirəm ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalandıqdan sonra Rusiya Ermənistandakı hərbi bazalarını da itirəcək. Bu, onun bölgədə varlığına tam son qoyacaq. Rusiya regiondan tamamilə çıxmağın narahatlığını yaşayır. Əlbəttə, Rusiya-Azərbaycan münasibətləri nə vaxtsa normallaşacaq, amma əvvəlki kimi olmayacaq”.