BAKI, 7 fevral. TELEQRAF

Çox güman ki, Ermənistan-Azərbaycan prosesində mövcud durum təxminən 2-3 il qalacaq, bu, tamamilə mümkün və real görünür.

Teleqraf xəbər verir ki, bunu Amerikanın “Stratfor” analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr Ermənistan mətbuatına deyib.

Amerikalı ekspert mümkün yeni müharibənin qaçılmaz olduğuna inanmır:

“Həll edilməmiş müəyyən problemlər olsa da, düşünmürəm ki, Azərbaycan və Ermənistan arasında razılıq əldə olunmayınca böyük müharibə qaçılmazdır”.

Orr vurğulayıb ki, Prezident İlham Əliyevin İrəvanın “Sülh kəsişməsi” layihəsi və Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları müharibə elanı deyildi. O qeyd edib ki, bu, Zəngəzur dəhlizinin açılmasının sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri olduğunu göstərə bilər: “Amma bu o demək deyil ki, bu məqam mütləq sülh sazişinə daxil ediləcək, məsələ sazişdən kənarda da həll oluna bilər”.

ABŞ analitiki əlavə edib ki, Əliyev güclü mövqedədir, ona görə də belə qəti bəyanatlar verir.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə İrəvanın nəqliyyat yolları ilə bağlı “Sülh kəsişməsi” layihəsindən də danışıb.

Dövlət başçısı bildirib ki, Ermənistan bunu reallaşdırmaq üçün əvvəlcə Azərbaycana müraciət eləməlidir:

“Ermənistan dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur.

Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.