
BAKI, 7 fevral. TELEQRAF
ABŞ-nin yeni administrasiyası keçmiş administrasiyanın fəaliyyətinə şübhə ilə yanaşır, ona görə də Prezident Donald Tramp komandası Ermənistan və Amerika arasında bu yaxınlarda imzalanmış sənəddə Vaşinqton üçün geosiyasi faydaları nəzərdən keçirəcək.
Teleqraf xəbər verir ki, bunu Amerikanın “Stratfor” analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr Ermənistan mətbuatına deyib.
“Bundan başqa, yeni administrasiya İrana qarşı daha sərt mövqe nümayiş etdirir və o, Türkiyə və Azərbaycanı regionda İranı cilovlaya bilən ölkələr kimi görür. Ona görə də onların Azərbaycanla yaxşı münasibətlər saxlaması çox vacibdir.
Həmçinin hesab edirəm ki, ABŞ Ermənistanla normal münasibətləri davam etdirəcək. Paşinyan Vaşinqtona əlaqələri gücləndirmək və əvvəlki administrasiya dövründə imzalanmış sənədin müddəalarına əməl olunmasını təmin etmək üçün gəlib. Düşünürəm ki, əlaqələr qorunub saxlanılacaq”, - analitik vurğulayıb.
Orr Tramp administrasiyasının keçmiş administrasiyadan daha çox Cənubi Qafqaza diqqət yetirəcəyinə əmin deyil.
Həmçinin onun sözlərinə görə, Vaşinqton və İrəvan arasında imzalanmış strateji saziş mümkün Ermənistan-Azərbaycan müharibəsində ABŞ-nin müdaxiləsini nəzərdə tutmur: “Yeni administrasiya keçmiş administrasiyadan daha çox həm Türkiyə, həm də Azərbaycanla münasibətləri saxlamaq istədiyi üçün onların qəti şəkildə müdaxilə etməyəcəklərini düşünmürəm”.