BAKI, 27 sentyabr. TELEQRAF

2020-ci ilin 27 sentyabr təqvimdə sadə bir gün kimi başlasa da, bir qədər sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın xalqa etdiyi müraciətdən məlum oldu ki, bu gün adi bir gün deyil. Bu gün tarixi bir gündür! Ədalətin, Həqiqətin, Milli Ləyaqətin öz yerini tapdığı gündür! Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı 200 ildən çox davam edən etnik təmizləmə, soyqırımı siyasətinə son qoyan prosesin başlandığı gündür. 44 gün davam edən bu Zəfər yürüşündə Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu böyük bir sınaqdan şərəflə, ləyaqətlə çıxdı. Biz illərlə gözlədiyimiz, arzuladığımız Qələbəyə nail olmaqla, həm də “məğlub xalq” sindromunu aradan qaldırdıq. İndi alnımız açıq, başımız dikdir! Bu qüruru, fəxarəti bizə yaşadan şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə Allahdan şəfa diləyirəm!

Bunu Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatıb. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Bir il bundan əvvəl keçirilən lokal xarakterli antiterror tədbirlər nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi”.

Komitə sədri bildirib ki, 44 gün qısa bir zaman olsa da, Azərbaycan öz şanlı tarixini yazdı: "XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. 44 günlük müharibə zamanında Azərbaycan uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni işğalçılarından azad etdi. Azərbaycana ilk dəqiqələrdən mənəvi və siyasi dəstək bizə dayaq oldu, gücümüzə əlavə güc qatdı. Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi çox ciddi mesaj idi. Belə ki, Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çoxu üçün mesaj idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi. Vətən Müharibəsindən sonra Şuşa Bəyannaməsinin imzalanması isə bizim bu qardaşlığımızı, ən üstün müttəfiqliyə çevirdi".

Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Sözsüz ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin, qazilərin, müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin hər zaman diqqətindədir. Hər zaman qazilərin, şəhid ailələrinin yanında olan Ali Baş Komandan İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həllinə xüsusi həssaslıq göstərirlər”.

Hicran Hüseynova bildirib ki, bu gün Cənubi Qafqazda yeni reallıq yaradan Azərbaycan regionun lider dövlətidir: “Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzur artıq cənnətməkan diyara çevrilir. Tarixi torpaqlarımızda həyat yenidən dirçəlir, canlanır. Azərbaycan xalqı əbədi, əzəli torpaqlarına həmişəlik olaraq geri qayıdır.