Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Səməd müəllim, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasındakı diplomatik fiaskonu özləri üçün uğur hesab edir. Guya məsələlərin burada müzakirəsi irəliyə atılmış addımdır. Bu paradoksu necə şərh etmək olar? Beynəlxalq hüquqda istənilən məsələnin müzakirəsinin uğur kimi qələmə verilməsi diplomatik müstəvidə necə qiymətləndirilir?
- BMT Təhlükəsizlik Şurasındakı uğursuzluqdan sonra erməni tərəfi bu və ya başqa formada özünə bəraət qazandırmağa çalışır. Əslində, bu, tam olaraq erməni “üslubunda” olan bir davranışdır. Onlar hər bir təxribatı öncədən düşünür və bunu həyata keçirdikdən sonra məğlubiyyətə uğrayırlar. Daha sonra isə bundan nəticə çıxartmırlar. Belə olduqda isə növbəti təxribatlara əl atırlar. Getdikcə də erməni tərəfi özünü dərin bir quyuya salır. Görünən odur ki, qarşı tərəf indi çıxılmaz bir vəziyyətdədir. Sadəcə olaraq onlar bundan əl çəkə bilmir. Bunun da bir neçə səbəbi var. Bu gün Azərbaycanın yaratmış olduğu reallıq tək onun özü ilə bağlı deyil. Bu artıq beynəlxalq münasibətlər çərçivəsində özünəməxsus yer tutmuş bir reallıqdır. Çünki bu beynəlxalq münasibətlərin düsturuna uyğundur. Ona görə də beynəlxalq ictimaiyyət bu reallığa qarşı hər hansı formada çıxış etsə belə, bu Azərbaycana qarşı yox, elə özlərinin əksinə olacaq bir hal kimi qəbul ediləcək. Sözsüz ki, bu çox vacib bir amildir. İndiki həssas dövrdə hər kəs məlumatlıdır. Azərbaycanda akreditasiya olunmuş səfirliklər, beynəlxalq təşkilatlar, qurumlar bütün məlumatları öz dövlətlərinə göndərirlər. BMT isə göydən düşmə bir təşkilat deyil. Bu, həmin dövlətlərdən ibarət bir qurumdur. Onlar da çox gözəl başa düşürlər ki, erməni tərəfi sadəcə olaraq humanitar məsələlər adı altında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq istəmir. Əsas məqsəd budur.
- Bölgəyə və yaxud əraziyə bir neçə giriş-çıxış imkanı olduğu halda bir istiqaməti hədəf götürüb bunu "humanitar böhran" kimi beynəlxalq ictimaiyyətə çatdırmaq hansı məntiqə uyğundur?
- Ermənilərin özləri də açıqlama verib ki, Ağdam-Xankəndi yoluna razılıq versələr, bununla onların iddiaları alt-üst olar. Hətta sülhməramlılar bölgədə olsa belə bunu onlar özləri üçün son hesab edirlər. Ona görə də qışqır-bağır salıb, humanitar məsələlər adı altında prosesi başqa cür təqdim etməyə çalışırlar. İstəkləri də odur ki, Laçın yolu onlar üçün tam sərbəst olsun və Azərbaycanın suverenliyi pozulsun. Bu isə mümkün olan məsələ deyil. Azərbaycan tərəfi bunu aydın şəkildə görür. BMT Təhlükəsizlik Şurasının son müzakirələrində iştirak edən 15 daimi və qeyri-daimi üzv dövlətlər də bu məsələdən agahdır. Amma buna qədər dünya ictimaiyyəti fikirləşirdi ki, Laçın yolu bağlıdır və heç kim ora gedə bilməz. Bu, Azərbaycan ərazisi olsa belə orada yaşayan ermənilər guya heç yerdən humanitar yardım ala bilmir. BMT-də isə bir daha aşkara çıxdı ki, Laçın yolu tam şəkildə açıqdır. Ağdam-Xankəndi yolunun açıq olması beynəlxalq ictimaiyyətə məlum oldu. Belə olan halda ermənilərin bu yolu bağlaması, beton maneələr qoyması məntiqsizdir. Beləliklə aydın olur ki, burada tamam başqa məqsədlər var.
- Erməni tərəfinin reallıqla barışmayıb yeni iddialarla çıxış etməsi hansı amillərlə bağlıdır?
- Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda yazdığı məqaləsində açıq şəkildə qeyd edib ki, bu, uçurumdur, faciədir. Amma reallıq odur ki, erməni tərəfi bundan da dərs çıxarmayacaq. Əslində onların beynəlxalq təşkilatlarda manipuliyasiya cəhdləri yenə də səngiməyəcək. Burada bir neçə amil var ki, onlardan bir də Ermənistanın müstəqil ölkə olmaması ilə bağlıdır. Bu ölkə vasitəsi ilə bir çox dövlətlər bölgədə öz nüfuzlarını saxlamaq istəyir. ABŞ, Rusiya, Fransa, Hindistan İranı bu sırada qeyd etmək olar. Fakt odur ki, bu gün Hindistan Ermənistana silah göndərir. Onun burada geosiyasi maraqları var. Rusiya və ABŞ-ın da burada olan maraqlarını qeyd etmək olar. Hətta kəskin mövqedə duran Fransanın da burada tamam başqa niyyətləri mövcuddur. Fakt odur ki, dünyanın böyük dövlətləri hansısa kiçik dövlətləri öz maraqları üçün istifadə edir. Azərbaycana qarşı da bu cəhdlər var. Amma Azərbaycan bu gün özünü başqaları üçün alətə çevirməyə imkan yaratmır. Ermənistan isə bunun əksinə başqalarının əlində ələt rolundadır. Ona görə də, Ağdam-Xankəndi yolunun açıq olduğunu bilə-bilə böyük dövlətlər regionda öz maraqlarını qoruyub saxlamaq, burada nüfuz sahibi olmaq və başqa məsələləri həyata keçirmək üçün həqiqəti görməzdən gəlirlər. Reallıq odur ki, erməni tərəfi hümanitar məsələləri Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək üçün istifadə edir. Xarici qüvvələr isə bundan öz maraqları naminə yararlanmağa cəhd göstərir.