BAKI, 17 aprel. TELEQRAF

Sloveniyada sağ siyasi qüvvələr azlıq hökumətinin formalaşdırılması ilə bağlı razılaşmaya yaxınlaşıb.

Teleqraf xəbər verir ki, yeni hökumətə müxalifətdə olan Sloveniya Demokrat Partiyasının lideri Yanez Yanşa rəhbərlik edə bilər.

Məlumata görə, kabinetin Sloveniya Demokrat Partiyası, “Yeni Sloveniya – Xristian Demokratlar” bloku, Sloveniya Xalq Partiyası, “Fokus” və “Demokratlar” partiyası tərəfindən formalaşdırılması gözlənilir.

Qeyd olunur ki, Avroskeptik “Pravda” partiyası hökumətə koalisiyadan kənar dəstək verəcək. 16 nazir postundan 8-nin Sloveniya Demokrat Partiyasına, 5-nin “Yeni Sloveniya” bloku ətrafında birləşən qüvvələrə, 3-nün isə “Demokratlar”a veriləcəyi ehtimal olunur.

Məlumata görə, martın 22-də keçirilən parlament seçkilərində baş nazir Robert Qolobun rəhbərlik etdiyi “Azadlıq” hərəkatı cüzi üstünlüklə qalib gəlib, Sloveniya Demokrat Partiyası isə ikinci olub.

Qeyd edək ki, hökuməti formalaşdırmaq mandatı prezident Nataşa Pirts-Musar tərəfindən verilir. O, parlamentdə 46 səs toplaya biləcək istənilən siyasətçiyə bu mandatı təqdim etməyə hazır olduğunu bildirib. Hazırda sağ qüvvələr və “Pravda” partiyası parlamentdə 90 yerdən 48-nə nəzarət edir. Prezidentin 20 aprel tarixində parlament fraksiyalarının liderləri ilə yeni baş nazirin namizədliyi ilə bağlı görüş keçirəcəyi gözlənilir.