ZƏNGİLAN, 16 aprel. TELEQRAF

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə səfər edərək burada həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, nümayəndə heyətinə Zəngilan şəhərinin yenidən qurulması, Ağalı kəndində tətbiq olunan "Ağıllı kənd" konsepsiyası və bölgədəki mövcud vəziyyət barədə geniş məlumat verilib.

Qeyd edək ki, “Ağıllı kənd" modelinin ilk nümunəsi Zəngilan rayonunun Ağalı kəndidir. Bu yaşayış məntəqəsi sıfırdan, innovativ və enerji baxımından səmərəli həllərlə inşa olunub.

Kəndin enerji təminatı üçün Həkəri çayı üzərində hər biri 212 kVt gücündə üç hidravlik turbin quraşdırılıb. İnzibati binaların damında 325 kVt gücündə günəş panelləri yerləşdirilib. Evlərdə kombinə edilmiş istilik sistemləri, günəş kollektorları və enerji qənaətli avadanlıqlar tətbiq olunub. Xüsusi izolyasiya materialları istilik itkisini minimuma endirir. Çirkab suların bioloji təmizlənməsi isə ildə 41 min kubmetr texniki suyun təkrar istifadəsinə imkan verir.

Ağalı kəndində yüksək sürətli GPON internet şəbəkəsi mövcuddur. "Ağıllı" müşahidə kameraları, məlumat lövhələri, audio anons sistemləri, Wi-Fi nöqtələri və avtomatik meteoroloji stansiyalarla təchiz olunmuş çoxfunksiyalı işıq dirəkləri kəndin rəqəmsal infrastrukturunu tamamlayır.