Ermənistanın Azərbaycanın sülhlə bağlı təkliflərinə müsbət cavabı diqqət çəkir. Əslinə qalsa burada diplomatik bir gediş var. Bu da Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatları ilə bağlıdır. Paşinyan açıqlama verib ki, Qarabağda olan silahlı qüvvələr orada yaşayan erməni əhalinin təhlükəsizliyini təmin etmək üçündür. Vurğulayıb ki, bu qüvvələr oradakı yerli insanlardan və Ermənistandan gələn “könüllülərdən” ibarətdir. Amma hər kəs bilir ki, bu qüvvələr “könüllülərdən” ibarət deyil. Bu, Ermənistan ordusunun müəyyən bir hissəsini təşkil edən hərbçilərdir.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun fikrincə, Paşinyanın bəyanatı onu ehtiva edir ki, orada ordu hissələri qalmalıdır: “Bu da çox ciddi bir problem deməkdir. Beynəlxalq təcrübəyə əsasən istənilən dövlətlə əlaqələri bərpa etmək üçün ilkin şərt ərazi bütövlüyü və suverenliyə hörmətdir. Bu məsələdə Ermənistanın istəyi və niyyəti işğalın davam etməsi kimi qiymətləndirilir. Təbii ki, bu hal qəbuledilməzdir. Belə olan halda heç bir irəliləyişə nail olmaq mümkün deyil”.

Keçmiş diplomat hesab edir ki, Azərbaycanın Brüssel görüşündən siyasi meydan kimi istifadə etməsi çox vacibdir: “Bununla Azərbaycan tərəfi real vəziyyəti və Ermənistanın ziddiyyətli mesajlarını ifşa etmək imkanı qazanacaq. Avropadan siyasi meydan kimi istifadə etmək üçün bu, vacib məsələdir. Həmçinin Ermənistanın işğalçı siyasətinin ifşası baxımından mühüm imkan deməkdir”.