ZƏNGİLAN, 15 may. TELEQRAF
Zəngilan şəhərində inşa edilən ilk yaşayış kompleksi artıq istifadəyə verilib və sakinlərin mərhələli köç prosesi başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rza Zəngilana tşəkil edilmiş Prezidentin izi ilə təşkil edilmiş media-turda məlumat verib.
İ.Rza bildirib ki, yaşayış kompleksinin təməli 2022-ci ildə qoyulub, bu il mayın 10-da isə rəsmi açılışı həyata keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Baş plana əsasən, 2 hektar ərazidə salınan yaşayış məhəlləsi ümumilikdə 12 binadan ibarətdir. Onlardan 8-i iki mərtəbəli, qalanları isə üç mərtəbəlidir. Binalar müasir şəhərsalma standartlarına uyğun şəkildə inşa olunub.
Kompleks ərazisində sakinlərin rahatlığı üçün uşaq oyun meydançaları, idman zonası, istirahət guşələri, həm yeraltı, həm də yerüstü avtomobil dayanacaqları yaradılıb. Eyni zamanda ərazidə məktəb, uşaq bağçası və xəstəxana tikintisi də davam edir.
Yaşayış məhəlləsi Zəngilan Konqres Mərkəzi və rayon məscidinə yaxın ərazidə yerləşir. Rəsmi məlumatlara əsasən, dövlət başçısı görülən işlərlə bağlı iki dəfə əraziyə baxış keçirib.
Hazırda 59 ailə yeni mənzillərinə köçürülüb, daha 5 ailə isə doğma yurduna qayıdaraq mənzillərin açarlarını təhvil alıb.
Qeyd edək ki, Zəngilan şəhəri 20 oktyabr 2020-ci ildə işğaldan azad olunub. Prezidentin sərəncamına əsasən bu tarix “Zəngilan Şəhəri Günü” kimi qeyd olunur və bu il ilk dəfə həmin gün məhz Zəngilanda qeyd edilib.