CƏBRAYIL, 15 may. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə müasir enerji infrastrukturunun qurulması istiqamətində genişmiqyaslı layihələr icra olunur.

Bu sözləri media nümayəndələrinin Prezidentin izi ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri zamanı AzərEnerji ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov Teleqraf-ın Qarabağ bürosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, regionda yeni yarımstansiyaların tikintisi, yüksəkgərginlikli ötürücü xətlərin çəkilməsi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi enerji şəbəkəsinin dayanıqlığını əhəmiyyətli dərəcədə artırır.

Bu infrastruktur həm yerli istehlakın təmin edilməsinə, həm də iri miqyaslı yaşıl enerji layihələrinin ölkənin ümumi enerji sisteminə inteqrasiyasına xidmət edir.

Mircəlal Hüseynov qeyd edib ki, həyata keçirilən layihələr çərçivəsində “Şəfəq” Günəş Elektrik Stansiyası kimi böyük bərpaolunan enerji mənbələrinin şəbəkəyə qoşulması üçün mühüm texniki imkanlar yaradılıb.

Rəqəmsal yarımstansiyalar və SCADA əsaslı idarəetmə sistemi enerji axınının real vaxt rejimində monitorinqini və operativ idarə olunmasını təmin edir.

Direktor əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda enerji infrastrukturunun yenilənməsi “Böyük Qayıdış” proqramının prioritet istiqamətlərindən biridir. Layihələr çərçivəsində yerli kadrların məşğulluğuna da xüsusi önəm verilir və yeni iş yerləri əsasən bölgəyə köçürülən əhali hesabına formalaşdırılır.

Qeyd olunub ki, görülən işlər nəticəsində ölkənin enerji balansında bərpaolunan mənbələrin payı artmaqda davam edir və bəzi saatlarda bu göstərici 36–41 faiz aralığına yüksəlir. Bu isə həm enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də karbon emissiyalarının azaldılmasına xidmət edir.