CƏBRAYIL, 15 may. TELEQRAF

Cəbrayıl rayonunda 150 çarpayılıq yeni xəstəxana kompleksi inşa olunur.

Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələr İdarəsinin şöbə müdiri Cabir Muradov Teleqraf-ın Qarabağ bürosuna bildirib ki, işğaldan azad edilmiş ərazilərdə səhiyyə infrastrukturunun yenidən qurulması çərçivəsində həyata keçirilən layihə 4.6 hektar ərazini əhatə edir və pilot model kimi bir neçə korpusdan ibarət kompleks şəkildə inşa olunur.

Layihəyə əsas xəstəxana binası ilə yanaşı yoluxucu xəstəliklər və hemodializ korpusları, eləcə də Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi və Təcili Tibbi Yardım Stansiyası üçün nəzərdə tutulan binalar daxildir.

Layihənin təməli 2021-ci ildə qoyulub, tikinti işlərinə isə 2024-cü ildə başlanılıb. Hazırda ümumi işlərin təxminən 55 faizi tamamlanıb. Kompleksin tikintisinin 2027-ci ilin sonuna qədər başa çatdırılması, 2028-ci ildən isə tam həcmdə tibbi xidmətlərin göstərilməsi planlaşdırılır.

Xəstəxana kompleksində müasir tələblərə uyğun tibbi avadanlıqlar, o cümlədən kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və rəqəmsal rentgen cihazları quraşdırılacaq. Burada qəbul və təcili yardım, cərrahiyyə, pediatriya, terapiya, reanimasiya, tibbi bərpa və fizioterapiya şöbələri fəaliyyət göstərəcək.

Poliklinika binası 4 mərtəbədən ibarət olacaq və ambulator xidmətlərin mərhələli şəkildə təşkili nəzərdə tutulur. Funksional və şüa diaqnostika şöbələrinin 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinə qədər istifadəyə verilməsi planlaşdırılır. Bu mərhələdə tibbi avadanlıq və mebellə təminatın da tamamlanması nəzərdə tutulur.

Layihə çərçivəsində ərazidə müstəqil fəaliyyət göstərəcək əlavə tibb müəssisələrinin də inşası aparılır.