FÜZULİ, 15 may. TELEQRAF
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhidlər Sadiq Zaur İmamqulu oğlu və Həziyev Ələddin Həzi oğlu doğulduqları doğma yurdda dəfn olunublar.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, şəhidlərin nəşi Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında şəhidlər cərgəsində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimi zamanı yaylım atəşi açılıb.
Qeyd edək ki, hər iki şəhid 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüşdü. Onların şəxsiyyətləri aparılan ekspertiza nəticəsində müəyyən edilib.