CƏBRAYIL, 15 may. TELEQRAF

Media nümayəndələri Prezidentin izi ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndi ilə tanış olublar. Şükürbəyliyə səfər zamanı media nümayəndələrinə kənddə həyata keçirilən quruculuq işləri, sosial infrastruktur və məskunlaşma prosesi barədə ətraflı məlumat verilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, Şükürbəyli kəndinin təməlqoyma mərasimi 2023-cü il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Mayın 9-da isə kəndin açılışı baş tutub və dövlət başçısı kənd sakinlərinə mənzillərin açarlarını təqdim edib.

Vüqar İmranov qeyd edib ki, 286 hektar ərazidə layihələndirilən Şükürbəyli kəndi ümumilikdə 1042 ailə üçün nəzərdə tutulub. Kənddə müasir yaşayış infrastrukturu yaradılıb, qaz, su, elektrik və internet xətləri çəkilib. Eyni zamanda alternativ enerji mənbəyi kimi günəş enerjisindən də istifadə olunur.

Layihə çərçivəsində kənddaxili 25 kilometr yol çəkilib, 3 avtomobil körpüsü və 2 piyada körpüsü inşa edilib. Bundan başqa, kənddə 360 yerlik məktəb, hər biri 80 yerlik 2 uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, 350 yerlik klub və musiqi məktəbi tikilib.

Fond rəsmisi diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şərqi Zəngəzur iqtisadi rayonunda ilk dəfə olaraq musiqi məktəbi də məhz bu kənddə inşa olunub.

Kəndin sel sularından qorunması məqsədilə 4019 metr uzunluğunda müxtəlif en kəsiklərinə malik iritutumlu beton kanallar tikilib.

Hazırda Şükürbəyli kəndində 107 ailə məskunlaşıb. Yaxın günlərdə daha 107 ailənin kəndə köçürülməsi nəzərdə tutulur. Bununla da keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir.