ŞUŞA, 8 may. TELEQRAF
Şuşa şəhərinin içməli su təchizatının dayanıqlığının artırılması istiqamətində mühüm layihələr icra edilir.
Qarabağ Regional Su Meliorasiya Sistemləri İdarəsinin Şuşa şəhər sahəsinin mühəndisi Pərviz Məhərrəmovun Teleqraf-ın Qarabağ bürosuna açıqlamasında bildirib ki, hazırda su təmizləyici qurğuda emal olunan su iki 1000 kubmetrlik anbara toplanaraq şəhərin içməli su ehtiyacının qarşılanmasında istifadə olunur.
Onun sözlərinə görə, Şuşanın artan əhali sayını nəzərə alaraq əlavə su anbarlarının tikintisi də planlaşdırılır.
Hazırda 1000 kubmetrlik iki ədəd və 500 kubmetrlik iki yeni anbarın inşası davam etdirilir.
Mövcud infrastrukturun şəhərin su tələbatını tam qarşıladığını bildirən mühəndis qeyd edib ki, gələcəkdə əhalinin artımı ilə bağlı əlavə gücləndirmə tədbirləri görüləcək.
Şuşa şəhərinin içməli su təminatı əsasən Zarıslı, Nəbilər və Kirs su mənbələri hesabına həyata keçirilir. Su təbii axınla şəhərə çatdırılsa da, Daşaltı çayı üzərində inşa edilən bənd və onun üzərindəki nasos stansiyası vasitəsilə su təmizləyici qurğuya ötürülür.
Qeyd edək ki, Şuşada su infrastrukturunun genişləndirilməsi şəhərin yenidən qurulması və bərpası çərçivəsində həyata keçirilən əsas layihələrdən biridir.
