BAKI, 8 may. TELEQRAF
“İşğaldan əvvəl Şuşa şəhərində 300-ə yaxın tarixi abidə mövcud idi. İşğal dövründə həmin abidələrin böyük bir hissəsi dağıdıldı və ya tamamilə məhv edildi”.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Muzeylərlə iş şöbəsinin baş mütəxəssisi Fəridə Məmmədova Teleqraf-ın Qarabağ bürosuna müsahibəsində belə deyib.
Onun sözlərinə görə, hazırda Şuşada tarixi-mədəni irsin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir: “Bu günə qədər 20-dən çox tarixi abidə bərpa olunub. Digər abidələrdə isə tikinti və bərpa işləri davam etdirilir. Bərpa olunan mühüm nümunələrdən biri də Mehmandarovların malikanəsidir”.
Baş mütəxəssis bildirib ki, Mehmandarovlar malikanə kompleksi böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaqdan ibarətdir. Bu memarlıq abidəsi vaxtilə Mirzə Əlibəy Mehmandarova məxsus olub.
“Mirzə Əlibəy Mehmandarov İbrahimxəlil xan dövründə mehmandar vəzifəsində çalışıb. Mehmandar o dövrün ən məsuliyyətli vəzifələrindən biri idi. Onun əsas işi xanın qonaqlarını qarşılamaq, yerləşdirmək və məktublarını xana çatdırmaq idi”, – deyə o vurğulayıb.
Fəridə Məmmədova əlavə edib ki, Mirzə Əlibəy Mehmandarov yaşlı vaxtlarında xan tərəfindən Şuşanın yeni salınmış məhəlləsində torpaq sahəsi ilə təmin olunub və həmin ərazidə öz malikanəsini inşa etdirib:
“Malikanə 1848-ci ildə Qarabağın məşhur memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. İşğal dövründə böyük yaşayış evi dağıdılıb, lakin kiçik yaşayış binası qorunub saxlanılıb”.
Hazırda Mehmandarovlar malikanəsinin kiçik yaşayış binası muzey kimi fəaliyyət göstərir. Muzeydə XIX əsr Qarabağ zadəganlarının həyat tərzini əks etdirən interyer və məişət əşyaları nümayiş olunur.
“Ziyarətçilər burada yaradılan mühit vasitəsilə sanki XIX əsr Qarabağ zadəgan ailəsinin evinə daxil olur və həmin dövrün həyat tərzini yaxından hiss edirlər”, – Fəridə Məmmədova qeyd edib.