ŞUŞA, 27 aprel. TELEQRAF
Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” proqramının rəsmi açılış mərasimi baş tutub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, tədbirdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Solistlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib və mərasim iştirakçılarına zəngin mədəni proqram nümayiş etdirilib.
Açılış tədbirində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzvü olan ölkələrin nümayəndə heyətləri iştirak ediblər. Tədbirə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndələri qatılıblar.
Proqram çərçivəsində növbəti günlərdə İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında 2026-cı il üçün “İƏT-in turizm paytaxtı” elan olunub. Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Tədbirlər Planına uyğun şəkildə təşkil edilir.