Ağcabədi rayonunda Kür çayının uçurduğu bənd qısa müddətdə bərpa olunub.
Bu barədə Teleqraf-ın Qarabağ bürosuna Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev deyib.
O bildirib ki, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hadisə barədə aidiyyəti qurumlara məlumat verildikdən sonra idarənin əməkdaşları və ətraf rayonlardan cəlb olunan texnika əraziyə yönləndirilib".
Onun sözlərinə görə, bənd torpaqdan inşa olunduğu üçün təbii təsirlər, eləcə də vəhşi heyvanların yaratdığı boşluqlar müəyyən risklər yarada bilir:
“Bütün əməkdaşlarımız və texnikamız hazırda bəndlərin üzərində işləyir. Bəndlərin eni və hündürlüyü standartlara cavab verir. Buna baxmayaraq, torpaq bəndlərdə müəyyən çatların yaranması mümkündür”.
İdarə rəisi qeyd edib ki, gecə boyu aparılan işlər nəticəsində səhər saat 06:00-da bəndin əsas hissəsinin bərpası tamamlanıb.
"Sonradan müşahidə olunan sızmaların da qarşısı alınıb.
Hazırda ərazidə su sızması qeydə alınmır, mühafizə bəndinin üzərindən avtomobillərin hərəkəti bərpa edilib. Bəndin tam möhkəmləndirilməsi istiqamətində son tədbirlər davam etdirilir".