AĞSTAFA, 23 aprel. TELEQRAF

Sosial şəbəkələrdə Ağstafa rayonunda şagirdin bıçaq xəsarəti alması barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

"Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Şagirdlərin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

Şəbnəm Zahir

***

11:06

Ağstafa Rayon Mərkəzi Xəstəxanası bıçaq xəsarəti almış şagirdin son durumunu açıqlayıb.

Xəstəxanadan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 21 aprel 2026-cı il saat 14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib.

Ona İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

***

10:36

Ağstafada məktəbdə iki şagird arasında dava zamanı onlardan biri bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə dünən rayon mərkəzindəki 3 saylı tam orta məktəbində baş verib.

Xəsarət alan 8-ci sinif şagirdi U. İsmayılovdur.

Hadisə ilə bağlı polis əməkdaşları tədbirlər görür.