LƏNKIRAN, 24 mart. TELEQRAF
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun verdiyi xəbərə görə, avtoqəza yeni Ələt–Astara magistralının 161-ci kilometrliyində Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədli idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi magistraldan çıxaraq yol kənarındakı su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb.
Qəza nəticəsində sürücü və həyat yoldaşı 1990-cı il təvəllüdlü Xanım Məmmədli xəsarət alıblar.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin tibbi yardım göstərildikdən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.