LƏNKƏRAN, 4 noyabr. TELEQRAF

Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bu barədə Teleqraf-a Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

***

11:34

Lənkəranda 60 yaşlı kişinin xəstəxanada əməliyyatdan sonra vəfat etdiyi bildirilir.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, oktyabrın 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yırtıq diaqnozu ilə müraciət edən 1965-ci il təvəllüdlü şəhər sakini Şiyavuş Fərəculla oğlu Rzayev əməliyyat olunub.

Mərhumun həyat yoldaşı Azadə Rzayevanın sözlərinə görə, əməliyyatı həkim İshaq aparıb, elə həmin gün də ərinin vəziyyəti pisləşib: “Həkim səhlənkarlığı olub. Öyrəndik ki, yoldaşımın bağırsağı deşilib, qarnı şişib və zəhərlənmə baş verib. Xəstəxananın digər həkimləri iki gün əvvəl yenidən əməliyyat etsələr də, artıq gec idi. Yoldaşımın həyatını xilas etmək mümkün olmadı. Əməliyyatdan sonra həkim İshaqı xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə birbaşa o səbəb olub”.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.