AĞDƏRƏ, 30 oktyabr. TELEQRAF

Ağdərənin Vəngli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.

Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-ın Qarabağ bürosuna verilən verilən məlumata görə, bugünkü köç mərhələsində 38 nəfərdən ibarət 9 ailəyə mənzillərin açarları təqdim edilib .Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.
Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə çatıb.

***

13:49

Ağdamdan Ağdərənin Vəngli kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün yola salınan 9 ailə olmaqla 38 nəfər mənzil başına çatıb.

Daha sonra ailələrə yeni evlərin açarları təqdim ediləcək

***

12:06

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 9 ailə olmaqla 38 nəfər Vəngli kəndinə köçürülür.

Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.

Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.