“Baş nazir Nikol Paşinyan hesab edir ki, Ermənistan və Azərbaycan yalnız iki ölkəyə aid məsələlər üzrə danışıqlar aparmalıdır, Qarabağ məsələsinin orada yeri yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Siyasətçi Ermənistan hakimiyyətinin Qarabağ məsələsini Azərbaycanın daxili işi olduğunu qəbul etməyə başladığına eyham vurub.
“Ermənistan hökumətinin mövqeyi göz qabağındadır: Ermənistanı Qarabağ məsələsi üzrə danışıqlardan tamamilə geri çəkmək”, - deputat bildirib.
Abramyan qeyd edib ki, Qarabağın dağlıq hissəsinin tamamilə Azərbaycana təhvil verilməsinə çalışan Paşinyan bunu Qərb və ya Rusiyanın adına yazmağa çalışır.
Deputat bunun texniki və zaman məsələsi olduğunu iddia edib: “Eyni zamanda, məsuliyyəti üzərindən atmağa səy göstərən Ermənistan lideri hesab edir ki, Qarabağ ermənilərinin özləri birbaşa rəsmi Bakı ilə danışmalıdır”.
Abramyan artıq Paşinyanın “müstəqil artsax” xülyasından əl çəkdiyini, çıxışlarından bu yox, “Qarabağ erməniləri” ifadəsinə yer verdiyinə diqqət çəkib:
“Artıq Ermənistanın hakimiyyət orqanları Qarabağ məsələsinə “status”, “öz müqəddəratını təyinetmə hüququ” və ya onun “beynəlxalq səviyyədə tanınması” çərçivəsində deyil, Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqları çərçivəsində baxırlar”.
Deputat Ermənistan baş nazirinin Münxen Təhlükəsizlik Konfransındakı çıxışlarının da bu yöndə qurulduğunu söyləyib.