ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədinə monitorinq missiyası göndərməsi qərarına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Prays ABŞ-ın Ermənistan-Azərbaycan məsələsi ilə əlaqədar Avropa Birliyi ilə əməkdaşlıq etdiyini deyib.

Avropalı tərəfdaşlarımız artıq yerlərdə monitorinq missiyasında iştirak ediblər. Təbii ki, Qarabağa, Laçın dəhlizindəki hazırkı çağırışa, daha geniş kontekstdə Ermənistan və Azərbaycan arasındakı gərginlik və münaqişəyə gəldikdə, avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik.

Məlumatlarımızı avropalı tərəfdaşlarımızla bölüşürük, onlar da eyni şeyi edirlər. Hesab edirik ki, mümkünsə, avropalılarla, o cümlədən ATƏT-lə yaxından işləməyi davam etdirmək və bu, effektiv olarsa, birbaşa işləmək vacibdir. Bütün bunları edirik. Həmçinin, təsirli olacağına və davamlı sülh gətirəcəyinə və gərginliyi azaldacağına inandığımız hər şeyi etməyə davam edəcəyik”, - ABŞ rəsmisi bildirib.

Prays artıq ATƏT-in Minsk qrupunun fəaliyyət göstərmədiyini də söyləyib:

“ATƏT-in Minsk qrupu bir müddətdir ki, funksional qurum deyil, amma münaqişənin həlli üçün ATƏT vasitəsilə, tərəfdaşlarımızla və münaqişə tərəfləri ilə ikitərəfli və çoxtərəfli formatlarda işləməyə hazırıq”.