BAKI, 21 avqust. TELEQRAF
Çin süni intellekt (Sİ) texnologiyaları sahəsində ABŞ ilə arasındakı fərqi sürətlə azaldır.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin yazdığına görə, Çin süni intellekt modelləri artıq istifadə miqyası və qiymət kimi bir sıra əsas göstəricilər üzrə lider mövqelərə yüksəlməyə başlayıb. Bu tendensiya ABŞ-nin “OpenAI” və “Anthropic” kimi aparıcı texnologiya şirkətlərində narahatlıq yaradır.
“Bloomberg” qeyd edir ki, ABŞ hakimiyyətinin qabaqcıl süni intellekt çiplərinin Çinə tədarükünə tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, Çin şirkətlərinin hazırladığı modellər imkanlarına görə Amerika analoqlarına sürətlə yaxınlaşır. Bununla yanaşı, onların hazırlanmasına xeyli az vəsait sərf olunur.
Agentlik buna nümunə kimi Çinin “Moonshot” şirkətinin hazırladığı “Kimi K3” süni intellekt modelini göstərib. Bildirilir ki, model effektivlik göstəricilərinə görə “Anthropic” şirkətinin qabaqcıl modelinə yaxınlaşıb, lakin onun yaradılması üçün əhəmiyyətli dərəcədə daha az maliyyə vəsaiti tələb olunub.
Nəşrin fikrincə, Çin modellərinin sürətli inkişafı ABŞ texnologiya şirkətləri üçün rəqabəti daha da gücləndirir.