BAKI, 21 avqust. TELEQRAF
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) daxili bazarda yanacaq təklifini artırmaq və qiymətləri aşağı salmaq məqsədilə benzinə tətbiq edilən mövsümi tələbləri müvəqqəti yumşaldacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Breitbart News” məlumat yayıb.
Məlumata görə, EPA ABŞ Energetika Nazirliyi ilə koordinasiyalı şəkildə sentyabrın 1-dən tərkibində 10 faiz etanol olan E10 markalı benzinin daha yüksək Reid buxar təzyiqi göstəricisi ilə satışına icazə verəcək.
Nəşr qeyd edir ki, qərar faktiki olaraq isti aylarda yanacağın tərkibinə tətbiq edilən mövsümi məhdudiyyətlərin vaxtından əvvəl yumşaldılması deməkdir.
ABŞ hakimiyyətinin hesablamalarına görə, dəyişiklik daxili bazara gündəlik əlavə yüz minlərlə barel həcmində benzin çıxarılmasına imkan verə və yanacaqdoldurma məntəqələrində qiymətlərin aşağı düşməsinə kömək edə bilər.
Müvəqqəti istisna sentyabrın 1-dən 15-dək qüvvədə olacaq. Daha sonra havaların soyuması ilə əlaqədar benzin üçün mövsümi tələblər onsuz da yumşaldılmağa başlayacaq.
Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, hazırda ABŞ-də bir qallon (3,79 litr) benzinin orta qiyməti 4,1 dollardır. Bir il əvvəl isə bu göstərici 3,1 dollar təşkil edib.