“Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasındakı separatçıların başçısı Araik Arutyunyan Moskavaya gedib. Araik kimi separatçıların yolunun tez-tez Moskvadan düşməsi adi haldır. Ondan əvvəl Abxaziya, Cənubi Osetiya və Donbasdakı separtçıların başçıları da Moskvada daima qəbul edilib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Arutyunyanln Moskva səfərinin təsadüfi olmadığını iddia edib:

“Hesab edirəm ki, Ukrayna-Azərbaycan münasibətlərinin inkişaf dinamikası, Şuşa bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənməsi, Avropa İttifaqının enerji məsələsi ilə əlaqədar Azərbaycanla danışıqlar aparması, üstəgəl, ittifaqın ölkəmizə 2 milyard avro ayırması Moskvada “soyuq duş” effekti yaradıb.

Belarus Prezidenti Lukaşenkonun Azərbaycanın ittifaq dövləti layihəsindən kənarda qaldığını deməsi də göstərir ki, Moskva Bakını özünə tərəf çəkə bilmir. Bundan əlavə, GUAM-ın effektli fəaliyyətinin yenidən təmin edilməsi də gündəmdədir. Belə olan təqdirdə, Kreml “köhnə kart”a əl atır, yəni Qarabağda separatçıların əli ilə yeni oyun qurmağa çalışır.

Sülhməramlıların Azərbaycan maşınlarının yoxlanılmasına “erməni polisi”nin cəlb edilməsi, separtçıların atəşkəsi pozması bu təzyiq siyasətinə daxildir. Bu dəfə isə Araik Arutyunyan Moskvaya çağırılıb. Təbii ki, Rusiya Araikin Moskva səfərinə başqa don geyindirməyə çalışır.

Məlumata görə, Arutyunyan burada erməni iş adamları ilə görüşüb Qarabağa investiya yatırılması üçün danışıqlar aparıb. Çünki müharibədən sonra Qarabağda ermənilərin yaşadığı ərazilərə artıq erməni biznesmenləri vəsait ayırmır. Moskvaya isə xərclərdən yayınmaq üçün pul lazımdır, buna görə də Araiki dilənmək üçün Rusiyaya göndərdi”.

Məhəmməd Əsədullazadə Araikin Moskva səfərinin birbaşa Azərbaycanın əleyhinə yönəldiyini söyləyib:

“Hesab edirəm ki, Arutyunyanın belə səfərlərinin qarşısı mütləq alınmalıdır. Qənaətimə görə, Azərbaycan buna səssiz qalmayacaq, Rusiyanın bu siyasətinin qarşısının alınması istiqamətində Türkiyə ilə birgə işi davam etdirəcək. Moskvanın bu siyasətində uğurlu olacağını düşünmürəm”.