BAKI, 23 avqust. TELEQRAF
ABŞ-nin dövlət borcunun 40 trilyon dolları keçməsi hökuməti vergilərin artırılması və dövlət xərclərinin azaldılması kimi əhali arasında narazılıq yarada biləcək tədbirlərə əl atmağa məcbur edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, ABŞ hökuməti uzun illər ərzində vergi gəlirlərindən daha çox vəsait xərcləyib. Büdcə kəsiri nəticəsində ölkənin dövlət borcu əvvəlcə tədricən, daha sonra isə sürətlə artıb.
Məlumata görə, ABŞ-nin 30 illik dövlət istiqrazlarının gəlirliliyi 5,27 faizi ötüb. “Oakmark Funds” investisiya şirkətinin mütəxəssisi Adam Abbas bildirib ki, borc bazarı iqtisadi artıma mənfi təsir göstərə biləcək qərarların qəbul edilməsinin zəruriliyinə işarə edir.
Onun sözlərinə görə, ABŞ-nin borclanma həcmini və dövlət borcunu azaltmaq üçün vergilərin artırılması və xərclərin azaldılması kimi iki əsas vasitəsi var. Abbas bu tədbirlərin siyasi baxımdan populyar olmadığını, lakin müəyyən mərhələdə problemin həll edilməsinin zəruri olacağını vurğulayıb.
Məsul Federal Büdcə Komitəsinin baş vitse-prezidenti Mark Qoldveyn isə borc üzrə faiz ödənişlərinin iqtisadi artımdan daha sürətlə artdığı “borc spiralı” təhlükəsindən narahat olduğunu bildirib.
Nəşrin məlumatına görə, ABŞ hər il dövlət borcuna görə faiz ödənişlərinə təxminən 1 trilyon dollar xərcləyir.