BAKI, 23 avqust. TELEQRAF

Şahzadə Harri həyat yoldaşı Meqan Markl və iki övladı ilə Böyük Britaniyaya yalnız müvəqqəti köçəcək və ailənin ölkədə uzunmüddətli qalması gözlənilmir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” Sasseks hersoqu və hersoginyasının yaxın çevrəsindən iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrdən biri bildirib ki, Harri və ailəsi Böyük Britaniyada altı ay, bir il və ya daha uzun müddət qala bilər. Onun sözlərinə görə, ailənin özünün də ölkədə nə qədər qalacağı barədə dəqiq qərarı yoxdur.

Mənbə Kral III Çarlzın kiçik oğlu və həyat yoldaşını “beynəlxalq cütlük” adlandırıb. Bildirilib ki, onların Portuqaliya və ABŞ-də evləri var və istənilən vaxt başqa ölkəyə köçə bilərlər. Mənbə Harri və Meqan Marklın bir müddət Kanada və ya Avstraliyada yaşamaq qərarına gələ biləcəyini də istisna etməyib.

Daha əvvəl “The Daily Telegraph” qəzeti Şahzadə Harrinin həyat yoldaşı və iki övladı – yeddi yaşlı Arçi və beş yaşlı Lilibet Diana ilə avqust ayında Böyük Britaniyaya qayıdacağını yazıb. Ailə altı il əvvəl ölkəni tərk edərək ABŞ-yə köçüb.

Qəzetin məlumatına görə, Harri və Meqan artıq övladlarını sentyabr ayında təhsil alacaqları özəl məktəbə qeydiyyatdan keçiriblər. Bununla belə, Sasseks hersoqu və hersoginyasının kral ailəsinin rəsmi vəzifələrini yerinə yetirməyə qayıtmayacağı bildirilir.