BAKI, 23 avqust. TELEQRAF
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kabardin-Balkariyada Elbrus ərazisində 2 800 metr yüksəklikdə çiyin nahiyəsindən xəsarət alan turisti təxliyə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, avqustun 22-də axşam saatlarında Elbrus rayonundakı İrik-Çat dərəsində bir qrup turistin kömək istəməsi barədə məlumat daxil olub. Turistlərin Saratov vilayətindən olduğu bildirilib.
Hadisə zamanı qrup üzvlərindən birinin xəsarət aldığı müəyyən edilib.
FHN əməkdaşları çiynindən xəsarət alan şəxsi Terskol qəsəbəsinə təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Qrupun digər üzvləri isə hadisə yerində qalıblar.
Xilasetmə əməliyyatına Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsinin üç əməkdaşı cəlb olunub.