BAKI, 22 avqust. TELEQRAF
"Tehran Times" qəzetinin verdiyi məlumata görə, İran Omanla güzəştli ticarət müqaviləsi üçün inzibati prosedurları tamamlayıb və sənədi yekun müzakirə üçün parlamentə göndərib .
Teleqraf xəbər verir ki, İranın Ticarətin Təşviqi Təşkilatının Qərbi Asiya Departamentinin direktoru Əbdolamir Rabixaviyə görə, millət vəkilləri müqaviləni gələn ayın əvvəlində müzakirə edəcəklər.
Onun sözlərinə görə, son iki ildə İran region ölkələri ilə ticarət diplomatiyasında, eləcə də sərhəd və liman infrastrukturunun inkişafında əhəmiyyətli irəliləyişlər əldə edib. Tehran qonşu ölkələrlə ticarət mübadiləsini sadələşdirmək və genişləndirmək niyyətindədir.
İran və Oman gömrük əməkdaşlığını da gücləndirir. İyunun sonlarında iki ölkənin gömrük xidmətlərinin rəhbərləri gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında sazişin praktiki icrası barədə razılığa gəldilər və onun icrasına nəzarət etmək üçün birgə komitənin yaradılmasını təklif etdilər.
Tərəflər qaçaqmalçılıq və gömrük pozuntularına qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparmağı, gömrük orqanları rəhbərlərinin müntəzəm görüşlərini keçirməyi, eləcə də mütəxəssislərin hər iki ölkənin limanlarına və gömrük məntəqələrinə səfərlərini təşkil etməyi planlaşdırırlar.
Omanla ticarət əlaqələrinin inkişafı ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin istiqamətlərindən birinə çevrilib. İran Prezidenti Məsud Pezeşkyanın 2025-ci ilin may ayında Maskata səfəri zamanı iqtisadiyyat, enerji, nəqliyyat, texnologiya, səhiyyə və mədənçilik də daxil olmaqla müxtəlif sahələrdə 18 anlaşma memorandumu imzalayıb.