BAKI, 23 avqust. TELEQRAF

Qazaxıstanda yeni birpalatalı parlamentə seçkilər avqustun 23-də keçirilir. Seçkilərdə yeddi siyasi partiyadan 545 namizəd iştirak edir.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qazaxıstanın yeni parlamentində 145 deputat mandatı nəzərdə tutulur. Seçkilərdə 5 faizdən çox səs toplayan siyasi qüvvələr parlamentdə təmsil olunmaq hüququ əldə edəcəklər.

Respublikanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 12,6 milyon qazaxıstanlı səsvermə hüququna malikdir. Ölkənin ümumi əhalisi isə 20,59 milyon nəfərdir.

Ölkə ərazisində 10 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-dan 20:00-dək fəaliyyət göstərəcək. Məntəqələrin bir hissəsi isə səsverməyə bir saat daha tez başlayacaq.

Təhlükəsizlik səbəbindən Qazaxıstanın İrandakı və Ukraynadakı səfirliklərində səsvermə keçirilməyəcək. Efiopiyada isə qeydiyyatda olan seçici olmadığı üçün seçki məntəqəsi açılmayacaq.