ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonur amerikalı konqresmen Frank Palloneyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, TASFO rəhbəri müraciətində konqresmenin Ermənistan-Azərbaycan gərginliyi ilə bağlı qərəzli açıqlamalar verdiyini diqqətə çatdırıb.

Fatih Özonur müraciətində deyib:

“Birincisi, “Azəri qoşunları” yox, Azərbaycan qoşunları? Azəri kimdir?

Cənab Pallone, zəhmət olmasa, cavab verə bilərsinizmi ki, Azərbaycan ərazisi Qarabağ haqqında nə qədər məlumatlısınız? Bəyanatınız o qədər qərəzlidir ki, sanki hadisələrin bir tərəfini görürsünüz. Unutmayın, hər hekayənin həmişə iki tərəfi olur.

Yeri gəlmişkən, 1992-ci ildə Qarabağın işğalı zamanı keçmiş Sovet İttifaqının (Sovet Rusiyasının) dəstəklədiyi erməni silahlı quldurları başda Xocalı şəhəri olmaqla, bölgədə minlərlə dinc azərbaycanlını qətlə yetirəndə eyni reaksiyanı vermişdinizmi?

Ümumiyyətlə, siyasi həyatınızda Zəhra adını eşitmisiniz? O, iki yaşlı azərbaycanlı qız idi, Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayırdı. O, 2017-ci il iyulun 4-də işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan atəşə tutularaq vəhşicəsinə öldürüldüyü üçün artıq aramızda yoxdur.

Sizin qızınız və ya nəvəniz də eyni şəkildə qətlə yetirilsəydi, özünüzü necə hiss edərdiniz və nə edərdiniz?

Son 44 günlük Qarabağ müharibəsində erməni terror aktları nəticəsində nə qədər azərbaycanlı uşaq qətlə yetirilib və yaralanıb, bilirsinizmi? 12 azərbaycanlı uşaq həyatını itirib, 35 nəfər isə yaralanıb. Ermənilərin bu qanlı hücumlarını pislədinizmi?

Cənab Pallone, siyasətçilərin işlərindən biri də yanlış tərəfi xəbərdar və tənqid etməkdir, amma mən görürəm ki, siz açıq-aşkar işğalçı erməni silahlı quldurlarının sözçüsü kimi çıxış edirsiniz. Belə məlum olur ki, tam siyasi dəstəyiniz erməni tərəfinədir. Mən haqlıyam?

Gəlin səmimi olaq! Siz erməni tərəfini xristian olduğu üçün dəstəkləyirsiniz? Siz erməni dəstələri tərəfindən qətlə yetirilən azərbaycanlı uşaqları müsəlman olduqlarına görməzdən gəlirsiniz? Zəhmət olmasa, cavab verin!

İndi mövzumuz olmasa da, bilmənizi istərdim ki, şəklinizdəki loqo 1973-1991-ci illər arasında üç qitənin 21 ölkəsinin 35 şəhərində 239 terror aktı törətmiş erməni təşkilatının loqosudur”.

Bundan əvvəl Frank Pallone dünən Ermənistan ordusunun təxribatı nəticəsində sərhəddə baş vermiş silahlı qarşıdurmaya görə Azərbaycanı ittiham edib. O, ABŞ və digər ölkələri Azərbaycana qarşı sərt addımlar atmağa çağırıb.

Qeyd edək ki, Frank Pallone ABŞ Konqresində “erməni diasporunun sözçüsü” kimi tanınır. Amerikalı konqresminin ABŞ-dakı “Erməni Milli Komitəsi” (ANCA) ilə əlaqələrinin olduğu, bu diaspor təşkilatı tərəfindən maliyyələşdirildiyi heç kəsə sirr deyil.