BAKI, 12 may. TELEQRAF

"Azərbaycan Parlamentinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və onların fəaliyyətində yaxından iştirakı dövlətimizin marağının qorunması baxımından son dərəcə əhəmiyyətlidir".

Teleqraf xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Millət vəkili bildirib ki, Xətai rayonundan seçicilər tərəfindən çoxsaylı müraciətlər olunur: "Özüm hətta onlarla görüşlərdə bir çox şikayətləri ilə rastlaşmışam ki, Bakı şəhərində binaların həyətindəki ağacların suvarılmasında ciddi problemlər var. Yəni, su pulunun kim tərəfindən ödənilməsi ilə bağlı. O cümlədən ağacların bir çox hallarda budanmaması, yaxud qurumuş ağacların kəsilməsi ciddi problemlər yaradır.
Allah ruhunu şad edləsin, mərhum prezident Heydər Əliyevin yaşıllığa verdiyi xüsusi qiymətdən çox təəssüf ki, bəzi hallarda hətta sui-istifadə edilir və bizim qanunvericilikdə də yaşıllığın götürülməsi xeyli dərəcədə çətinləşdirilib”.

Deputat deyib ki, “Yaşıllıqların götürülməsi qaydaları” Nazirlər Kabineti tərəfindən 30 avqust 2006-cı il tarixli qərarla təsdiq edilib: "Həmin qərarda da qeyd olunur ki, vətəndaş, fiziki, yaxud hüquqi şəxs bununla bağlı öncə mərkəzi icra hakimiyyəti orqanına müraciət etməlidir, yaxud yerli icra hakimiyyəti orqanına və ya bələdiyyələrə. Onlar baxıb araşdırmalıdırlar və məqsədəuyğun saysalar həmin ərizəni göndərməlidirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Nazirlik müvafiq rəy verməlidir və bundan sonra onlar yenidən müvafiq qərar qəbul etməlidirlər.

Qeyd edim ki, bu prosedur xeyli dərəcədə sadələşdirilməlidir ki, vətəndaşlar süründürməçiliklə üzləşməsinlər. Biz görürük ki, bir çox hallarda ən yaxşı şüarlar altında çox pis işlər görülür və o prosedurun çətinliyi bir çox hallarda vətəndaşları qanunsuz yollara əl atmağa məcbur edir. Ona görə də bu prosedur xeyli dərəcədə sadələşdirilməlidir.

Ümumiyyətlə, layihəni təqdim edən həmkarlarıma öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, dəyişdirilən normalar, xüsusilə də bu 13.6-2-ci maddə bizim “Normativ hüquqi aktlar haqqında” qanunvericilik texnikasına əməl olunması baxımından Konstitusiya qanununun tələblərinə cavab vermir. Burada qeyd olunur ki, misal üçün deyirəm, “təhrif olunmuş məlumatların verilməsi qadağandır”. Halbuki, qeyd olunmalıdır ki, “təhrif olunmuş məlumatların verilməsi hüquqi məsuliyyət yaradır”.

Yaxud qeyd olunur, həmin nəticədə ərizəçiyə irad bildirilir ki, onların kəsilməsini həyata keçirilməsinə irad bildirilir. Hörmətli sədr, auditoriyada bizim dilçi alimlərimiz də var. İrad bir məzəmmət formasıdır. Konstitusiyaya görə vətəndaşlar məhkəməyə dövlət hakimiyyəti orqanlarının, ictimai təşkilatların, yaxud siyasi partiyaların qərarları ilə bağlı müraciət edir ki, konkret hüquqi nəticə olsun. Burada biz dəqiq müəyyənləşdirmişik ki, hansı sənədlər təqdim olunmalıdır. Həmin sənədlər əsasında ya iddianın, müraciətin təmin olunmasına dair, yaxud ondan imtina olunması barədə qərar qəbul olunur. Amma irad bildiriləndə vətəndaş bundan məhkəməyə müraciət edə bilməz axı. İrad nədir? İrad birinin səhvini, nöqsanını ona çatdırmaq yaxud onun davranışına etiraz etmək formasıdır.

O baxımdan bu normaya da diqqət yetirmək lazımdır və hesab edirəm ki, biz sahibkarlara həqiqətən kömək etmək istəyiriksə, bu süründürməçilik halları aradan qaldırılmalıdır ki, bu proses qanunvericilikdə 10 gün müddətində həllini tapmalıdır. Amma biz bilirik ki, 500 müraciət var. Yəni, 500 müraciətə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 gün ərzində cavab verməlidir. Reallıqda isə bu qeyri-mümkündür və biz bilirik ki, bu uzun müddət davam edir və sahibkarlar, vətəndaşlar bundan əziyyət çəkirlər.

Hesab edirəm ki, ikinci oxunuşda mənim səsləndirdiyim məsələlərə də diqqət yetirilər və Nazirlər Kabineti də özünün müvafiq qərarına ciddi düzəlişlər edər.

Sonda onu qeyd etmək istəyirəm ki, bəli, Bakı şəhərində yaşıllıqlara çox böyük ehtiyac var. Gözəl parklar salınıb, amma meşə zolaqları yaradılmalıdır, yeni parklar yaradılmalıdır.Bəzən bir ağaca görə insanları həddindən artıq incidirlər və bu da çox təəssüf hissi yaradır”.