BAKI, 6 may. TELEQRAF

"Son illər AzərbaycanAvropa İttifaqı münasibətlərinin inkişaf dinamikası göstərir ki, tərəflər arasında əməkdaşlıq yalnız texniki və iqtisadi çərçivələrlə məhdudlaşmır. Bu münasibətlər getdikcə daha çox strateji xarakter alır və qarşılıqlı maraqlara əsaslanan siyasi tərəfdaşlıq modelinə çevrilir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri də məhz bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Səfər bir tərəfdən Brüsselin Bakı ilə münasibətlərə verdiyi önəmi nümayiş etdirirsə, digər tərəfdən Avropa siyasi məkanında zaman-zaman müşahidə olunan anti-Azərbaycan ritorikasının real siyasətə təsir edə bilmədiyini göstərir".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Avropa Parlamentində müəyyən siyasi qruplar uzun müddətdir ki, Azərbaycan–Aİ münasibətlərinə xələl gətirməyə çalışırlar: "Xüsusilə postmünaqişə dövründə Azərbaycana qarşı qərəzli qətnamələr, birtərəfli bəyanatlar və siyasi təzyiq cəhdləri bunun nümunəsi olub. Lakin bütün bunlara baxmayaraq, Avropa İttifaqının icraedici strukturları – ilk növbədə Avropa Komissiyası və Avropa İttifaqı Şurası səviyyəsində Azərbaycanla əməkdaşlıq davamlı şəkildə inkişaf edir.

Bu, onu göstərir ki, Brüssel üçün Azərbaycan regionun sabitliyi, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları baxımından əvəzolunmaz tərəfdaş olaraq qalır".

Millət vəkilinin sözlərinə görə, Kaya Kallasın Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammitindən dərhal sonra Azərbaycana səfər etməsi də mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər: "Bu addım bir daha nümayiş etdirdi ki, Avropa İttifaqı regionda balanslı siyasət aparmağa və Azərbaycanla yüksək səviyyəli dialoqu qorumağa çalışır. Üstəlik, bu, Kallasın Azərbaycana ilk səfəri deyil. O, daha əvvəl də Bakıda olub, müxtəlif beynəlxalq platformalarda Prezident İlham Əliyevlə görüşlər keçirib və Azərbaycanı Avropa üçün mühüm tərəfdaş kimi xarakterizə edib. Bu isə münasibətlərin situativ deyil, sistemli və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir".

Sevinc Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsasını siyasi dialoq təşkil edir: "Prezident İlham Əliyev və Avropa İttifaqı rəhbərliyi arasında qəbul edilmiş birgə sənədlər, strateji tərəfdaşlıq bəyannamələri və əməkdaşlıq proqramları tərəflərin münasibətlərə geosiyasi prizmasından yanaşdığını açıq şəkildə göstərir. Xüsusilə son illərdə Avropa üçün enerji, logistika və təhlükəsizlik məsələlərinin aktuallaşması Azərbaycanın rolunu daha da artırıb.

Hazırda tərəflər arasında üç əsas dialoq mexanizmi fəaliyyət göstərir: nəqliyyat dialoqu, enerji təhlükəsizliyi dialoqu və təhlükəsizlik dialoqu. Bu mexanizmlər Azərbaycan–Aİ münasibətlərinin institusional əsaslarını formalaşdırır və əməkdaşlığın davamlılığını təmin edir. Xüsusilə enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq Avropa üçün strateji əhəmiyyət kəsb edir. Ukrayna müharibəsindən sonra Avropanın enerji xəritəsində baş verən dəyişikliklər fonunda Azərbaycan qazının rolu daha da artıb"-deyən deputat əlavə edib ki, hazırda Azərbaycan qazı artıq 10 Avropa ölkəsinə ixrac olunur. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından birinə çevrilib. Son dövrdə Avstriya və Almaniya kimi iri Avropa iqtisadiyyatlarının da Azərbaycan qazını alması bu əməkdaşlığın genişlənməkdə olduğunu göstərir.

Avropa rəsmiləri dəfələrlə vurğulayıblar ki, Azərbaycan etibarlı enerji tərəfdaşıdır. Kaja Kallasın Bakı ilə bağlı səsləndirdiyi fikirlər də bu reallığın siyasi təsdiqidir".

Millət vəkilinin fikrincə, Azərbaycanın nəqliyyat və logistika sahəsində artan rolu da Avropa İttifaqının diqqət mərkəzindədir: "Xəzər və Qara dəniz hövzələrini birləşdirən marşrutlar, Orta Dəhliz layihəsi, regional kommunikasiya xətlərinin inkişafı və TRİPP kimi təşəbbüslər Avropa üçün alternativ və təhlükəsiz bağlantı imkanları yaradır. Qlobal geosiyasi transformasiyalar fonunda Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində yerləşən Azərbaycan mühüm tranzit mərkəzinə çevrilib. Avropa İttifaqının bu layihələrə verdiyi siyasi dəstək də məhz bu strateji reallıqdan qaynaqlanır.

Azərbaycanın regionda sülh gündəliyinin əsas təşəbbüskarı kimi çıxış etməsi də Avropa tərəfindən diqqətlə izlənilir. Postmünaqişə dövründə Bakı yalnız hərbi və siyasi nəticələrlə kifayətlənməyərək regionun gələcək inkişaf modelini formalaşdırmağa çalışır.

Kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, regional əməkdaşlıq və sabitlik çağırışları Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyi Zirvəsindəki çıxışı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin çıxış regionun gələcəyi ilə bağlı yeni siyasi yanaşmanın təqdimatı kimi qiymətləndirildi və Avropa dairələrində diqqətlə qarşılandı. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin tədricən formalaşması da regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlər uzunmüddətli sabitliyin vacib elementidir. Azərbaycan enerji sahəsində region üçün əsas aktorlardan biri olaraq qalır və bu, dolayısı ilə Ermənistanın enerji təhlükəsizliyinə də təsir göstərir. Yaxın Şərqdə yaranan gərginlik və enerji bazarındakı risklər fonunda region ölkələrinin enerji sabitliyinin qorunması mühüm məsələdir. Azərbaycan tərəfindən həyata keçirilən enerji siyasəti nəticəsində regionda ciddi enerji böhranının qarşısı alınır və Ermənistanda enerji qiymətlərinin sabit qalmasına da dolayısı ilə təsir göstərən amillərdən biri məhz regional enerji balansıdır".

"Bütün bunlar göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri bu gün qarşılıqlı fayda, strateji maraqlar və praqmatik əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Ayrı-ayrı siyasi qrupların manipulyativ yanaşmaları və anti-Azərbaycan kampaniyaları real geosiyasi maraqları dəyişdirə bilmir. Çünki Avropa üçün Azərbaycan artıq yalnız enerji təchizatçısı deyil, həm də təhlükəsizlik, logistika, regional sabitlik və siyasi dialoq baxımından vacib tərəfdaşdır. Mövcud geosiyasi reallıq fonunda bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi və institusional xarakter alacağı gözləniləndir", -deyə deputat vurğulayıb.