BAKI, 6 may. TELEQRAF
Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrinə, habelə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara süni intellektlə bağlı dəyişiklikləri təsdiqləyib.
Teleqraf xəbər verir ki, yeni qanunla şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə edilməklə saxta (reallığı əks etdirməyən) materialların hazırlanması və yayılması birbaşa cinayət məsuliyyətinə səbəb olacaq.
Cinayət Məcəlləsinə əlavə edilən yeni maddəyə (148-2) əsasən, süni intellekt və ya xüsusi proqramlarla şəxsin razılığı olmadan saxta foto, video və ya audio material hazırlayanları aşağıdakı cəzalar gözləyir:
3 000 manatdan 7 000 manatadək cərimə;
360 saatdan 480 saatadək ictimai işlər;
3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə.
Əgər bu əməllər qabaqcadan əlbir olan qrup tərəfindən, iki və ya daha çox şəxsə qarşı, yaxud şərəf və ləyaqəti ləkələmək məqsədilə törədilərsə, cəza 3 ildən 5 ilədək həbsə qədər arta bilər.
Şəxsin razılığı olmadan onun görüntüsü ilə süni intellekt vasitəsilə pornoqrafik material hazırlayan və ya yayan şəxslər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum ediləcək.
Qanuna edilən digər mühüm əlavəyə görə, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış istənilən foto, video və ya audio material kütləvi nümayiş etdirildikdə, mütləq şəkildə nişanlanmalıdır. Yəni, həmin materialın asanlıqla görünən və aydın şəkildə süni intellektlə hazırlandığını göstərən işarəsi olmalıdır.
Media subyektləri və internet informasiya ehtiyatları bu tələblərə əməl etməyə borcludurlar, əks halda onların fəaliyyətinə qarşı qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.