BAKI, 6 may. TELEQRAF
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Teleqraf xəbər verir ki, yeni qaydalara əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanan foto, video və ya audio materialların aydın şəkildə görünən nişanlanma (vizual, səsli və ya mətn işarəsi) olmadan yayılmasına görə məsuliyyət müəyyən edilib.
Belə materialların mediada və ya internet şəbəkəsində nişanlanmadan yayılmasına görə 80 manatdan 150 manatadək cərimə tətbiq olunacaq.
Məcəlləyə uşaq hüquqlarının qorunması ilə bağlı bir neçə yeni maddə əlavə edilib:
Təhsil, tibb, idman və digər müəssisələrdə uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının (bullinqin) qarşısının alınmamasına görə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər isə 500-600 manat məbləğində cərimə ediləcək.
Uşaqda zorakılıq əlamətləri aşkar edildikdə bu barədə aidiyyəti orqanlara məlumat verməyən valideynlər və müəssisə işçiləri üçün 200 manatdan 600 manatadək cərimə nəzərdə tutulur.
Tərbiyə məqsədilə uşağa qarşı fiziki və ya psixoloji zorakılığın (cismani cəza) tətbiqinə görə 200 manat cərimə müəyyən edilib.
Dilənçiliklə bağlı maddələr daha da sərtləşdirilib:
Dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq və ya 100-200 manat cərimə, bəzi hallarda isə 10 günədək inzibati həbs tətbiq oluna bilər.
Yetkinlik yaşına çatmayan şəxsi dilənçiliyə cəlb edənlər üçün 200-500 manat cərimə və ya 15 günədək həbs cəzası nəzərdə tutulur.
Cərimələrin yığılmasına nəzarət mexanizmi təkmilləşdirilir. Əvvəlki "İCMAL" informasiya sistemi Maliyyə Nazirliyinin "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin müvafiq altsistemi ilə əvəz olunur. Bundan sonra inzibati cərimələrin uçotu və monitorinqi bu rəqəmsal platforma üzərindən həyata keçiriləcək.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların və dövlətə məxsus hüquqi şəxslərin vəzifəli şəxsləri üçün məsuliyyət artırılıb. Vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər inzibati xətanın obyekti olmuş vəsaitin 100 faizi məbləğində cərimə ediləcəklər. Lakin bu əməli ilk dəfə törədən şəxs vəsaiti tam ödədikdə məsuliyyətdən azad oluna bilər.
Məcəlləyə xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı yeni sanksiyalar əlavə edilib. Qanunsuz olaraq xüsusi icra məmuru geyimini daşıyanlar, reyestrə daxil olmadan fəaliyyət göstərənlər və onların qanuni fəaliyyətinə müdaxilə edənlər üçün ciddi cərimələr müəyyən olunub.